Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

Həmişə ah ü zarında, neçin gəlməz, neçin gəlməz?

Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,

Nə bir yar ü nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

Könüldə ah ü zarım var, nə səbr ü nə qərarım var,

Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?

O zül ü nərgisi məstə, könül çoxdandı pabəstə,

Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?

Sər-i kuyun gəzər könlüm, gül- i ruyun sevər könlüm,

Vüsalın çox dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

Alıbdır canımı hicran, olubdur gözlərim giryan,

O məhvəş nazənin canan, neçin gəlməz, neçin gəlməz?

Mənə hicran məşəqqətdir, fəraqin dərd ü möhnətdir,

Nigarım xeyli müddətdir, neçin gəlməz, neçin gəlməz?

Əzizim, göz yaşım qandır, işim fəryad ü əfqandır,

O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?

Yanar canım fəraqından, tutar könlüm sorağından,

Ki, çıxsın yar, otağından, neçin gəlməz, neçin gəlməz?

Əlimdə ixtiyarım yox, gedib, səbr ü qərarım yox,

Yanımda gülüzarım yox, neçin gəlməz, neçin gəlməz?

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,

Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?

Yetibdir ərş üzrə dadım, tutub dünyanı fəryadım,

Mənim ol sərv-i azadım, neçin gəlməz, neçin gəlməz?

Qalıbdır Natəvan nalan, gecə gündüz olur giryan,

Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?


Xurşid Banu Natəvan