Riyakarlıq at çapanda dördyana

Həqiqətin qələbəsi güc olur.

Ürəyini gizlədənlər ağıllı

Öz sözünü üzə deyən “gic” olur.

 

Həqiqətə qəsd eləyən hər rəzil,

Tamahının nökəridir müttəsil.

Gözü toxlar yoxsulsa da ac deyil,

Nəfsi iti var sahibi ac olur.

 

İnsan oğlu dəm tutanda hər dəmə

Söz rəngini dəyişərmiş heç demə.

Hər nikahsız doğulana bic demə,

Öz kökündən ayrılanlar bic olur.

 

Həqiqətdir zülmə zora tuş olan.

Ağ yalandır hər məqamda baş alan.

Unuduruq su dibində daş olan,

Üzə çıxsa başa qonan tac olur.


Bəxtiyar VAHABZADƏ, Şəki,  İyun 1990.